Şagirdlərin dərsə maraq və motivasiyası təkcə müəllimlərin və məktəbin üzərinə düşən məsələ deyil. Valideynlərin gündəlik öyrənmə prosesinə yanaşması, onların dəstəyi və diqqəti uşaqların təhsilə baxışında mühüm rol oynayır. Uşaqların dərslərinə maraq göstərməsi, oxumağa qarşı sevgi qazanması çox vaxt evdəki mühit və valideynlərin münasibətindən asılı olur.
“Tehsil365” xəbər verir ki, aparılan müşahidələr göstərir: övladlarının dərsləri ilə maraqlanan, evdə öyrənməyə vaxt ayıran və onlara motivasiya verən valideynlərin uşaqları daha yüksək nəticə göstərirlər. Ekspertlər hesab edir ki, sadəcə nəzarət yox, həm də anlayışlı yanaşma və təşviq şagirdlərin psixoloji rahatlığını artırır və onların öyrənməyə həvəslə yanaşmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, valideynlərin aktiv iştirakı olmadan məktəbin təkbaşına motivasiya yaratması çətindir. Bu səbəbdən həm təhsil müəssisələri, həm də valideynlər birlikdə uşaqlara həm akademik, həm də emosional dəstək göstərməlidirlər. Belə yanaşma şagirdlərin dərslərə daha məsuliyyətli yanaşmasına, gələcəkdə isə uğurlu nəticələr əldə etməsinə şərait yaradır.