Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində ilk dəfə olaraq qadın hərbi həkimlər hazırlanacaq. Onlar da oğlanlar kimi forma geyinəcək, təlimlərdə iştirak edəcək və rütbə alacaqlar.
“Tehsil365” xəbər verir ki, bu barədə fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev məlumat verib. Onun sözlərinə görə, bu il fakültənin qəbul prosesində mühüm yenilik tətbiq olunub:
“Avqustun 1-də verilən elanda ilk dəfə olaraq Hərbi tibb fakültəsinə qızların da qəbul olunması barədə məlumat öz əksini tapdı. Nəticə gözlədiyimizdən qat-qat yaxşı oldu, xeyli sənəd verənlər oldu. Bu il qızlar arasında ən yüksək nəticəni Tükəzban Zalova göstərdi. O, 667,6 balla fakültəmizin ən yüksək bal toplayanı hesab olunur”.
Fakültə rəisi əlavə edib ki, bu il 171 nəfərlik dövlət planına qarşı fakültəyə oğlanlı-qızlı 159 nəfər qəbul olunub. Onlardan 56 nəfərin qız olması təqdirəlayiq hal kimi qiymətləndirilir.
M.Rzayev həmçinin qeyd edib ki, fakültədə ixtisasların sayı da artırılıb: “Əgər əvvəllər hərbi tibb və stomatologiya ixtisasları var idisə, bu ildən ictimai səhiyyə və əczaçılıq ixtisasları da əlavə edildi”.