Bakı Dövlət Universitetinin rektorluq katibliyinin rəhbəri Mahir Pirquliyev Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan Ege Universitetində ezamiyyətdə olub.
Bakı Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, səfər çərçivəsində BDU nümayəndəsi universitet rəhbərliyi ilə görüşərək qarşılıqlı əməkdaşlığın inkişafı yollarını müzakirə edib.
Görüşlərdə Ege Universitetinin prorektoru Mehmet Ersan, Təbiət elmləri fakültəsinin dekanı Dinçer Ayaz və digər fakültə rəhbərləri iştirak edib. Tərəflər ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələr, tələbə və müəllim mübadiləsi, beynəlxalq konfrans və simpoziumların təşkili imkanlarını müzakirə ediblər.
Həmçinin müasir elm və texnologiyaların inkişafı fonunda ortaq layihələrin reallaşdırılması, xüsusilə təbiət elmləri və mühəndislik sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi diqqət mərkəzində olub.
Görüşlər zamanı iki universitet arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyi vurğulanıb və əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilib.
Səfərin sonunda Mahir Pirquliyev Ege Universiteti rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə əlaqələrin daha sıx şəkildə davam edəcəyinə inamını ifadə edib.
Qeyd olunub ki, bu il 70 illiyini qeyd edən Ege Universiteti Türkiyənin İzmir şəhərində yerləşir və ölkənin ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Təbiət elmləri fakültəsi isə regionda elmi araşdırmaların mərkəzi olmaqla yanaşı, beynəlxalq əməkdaşlıqlara da xüsusi önəm verir.