Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi baş tutacaq.
Abşeron - Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə 18 ölkədən 41 xarici təşkilat və 100-dən çox yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edəcək. Sərgidə xalq yazıçıları, tanınmış gənc müəlliflər, həmçinin dünyaşöhrətli xarici qələm sahibləri də oxucularla görüşəcək.
Bir həftə davam edəcək tədbirdə master klaslar, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi proqramları təşkil ediləcək. Ümumilikdə 250-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub.
Türkiyə, Argentina, İngiltərə, Litva və Qətərdən görkəmli yazarlar və alimlər də sərgidə təmsil olunacaqlar.
Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından xüsusi avtobuslarla sərgi məkanına gediş-gəlişi təmin ediləcək.
Sərgi saat 10:00-dan 20:00-dək açıq olacaq və giriş ödənişsizdir. İştirakla bağlı sənədlər sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.