18 sentyabr tarixində Milli Musiqi Günü münasibətilə Azərbaycanın bütün bölgələrində Üzeyir Hacıbəylinin zəngin musiqi irsinə həsr olunmuş konsertlər və mədəni tədbirlər təşkil olunacaq.
Azərbaycan Mədəniyyət Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz və Göygöldə müxtəlif musiqi proqramları tamaşaçılara təqdim ediləcək.
Ağcabədi Muğam Mərkəzində F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor konserti keçiriləcək (saat 16:00). Naxçıvanda isə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyası ilə birlikdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq (saat 19:00).
Eyni gündə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında da Üzeyir Musiqi Gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək.
Bu münasibətlə ölkənin müxtəlif bölgələrində musiqi bayramı ab-havası yaradılacaq.