Bakı Dövlət Universiteti (BDU) beynəlxalq miqyasda daha bir uğura imza atıb. Belə ki, universitet ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes Magistr Proqramları Reytinqi 2026: Menecment üzrə Magistratura” siyahısına daxil edilib.
“Tehsil365” xəbər verir ki, QS təşkilatının dərc etdiyi nəticələrə əsasən, BDU-nun menecment üzrə magistratura proqramı qlobal miqyasda 201+ pillədə qərarlaşaraq reytinqə “Yeni İştirakçı” (“New Entrant”) statusu ilə daxil olub.
Reytinqdə müxtəlif meyarlar üzrə fərqlənən universitetin tələbə və müəllim heyətinin gender və beynəlxalq tərkibini əks etdirən “Müxtəliflik” göstəricisi üzrə BDU 131–140-cı pillələrdə qərarlaşıb. “Məzun nəticələri” kateqoriyasında isə universitet 151–200-cü pillələrdə yer alıb. Bu göstərici məzunların karyera uğurları, nüfuzlu vəzifələrdə təmsil olunmaları və peşəkar nailiyyətləri əsasında müəyyənləşdirilib.
Eyni zamanda, universitetin akademik nüfuzu, elmi araşdırmaların təsiri və elmi dərəcəyə malik müəllim heyətinin payı kimi meyarları əks etdirən “Liderlik” göstəricisi üzrə də BDU 151–200-cü pillələrdə qərar tutub.
Qeyd edək ki, QS reytinqi dünya üzrə menecment sahəsindəki magistratura proqramlarını bir sıra meyarlar əsasında qiymətləndirir. Bu meyarlar sırasında məzunların məşğulluq göstəriciləri, işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi yer alır.