17 sentyabr 2025-ci il tarixində Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərində 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar “Musiqi yaşadıqca həyat yaşayır” adlı tədbir təşkil olunub.
Qazax - Tovuz regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə çıxışçılar böyük Azərbaycan bəstəkarı və ictimai xadimi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı, musiqi sahəsindəki xidmətləri və Azərbaycan mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğulayıblar.
Onlar bəstəkarın milli musiqi mədəniyyətinin inkişafında oynadığı rolu və əsərlərinin həm Azərbaycan, həm də dünya musiqisinə verdiyi əhəmiyyəti qeyd ediblər. Xüsusilə Hacıbəyovun ilk operası “Leyli və Məcnun”un Azərbaycan musiqisinin təməlini qoyan böyük addım olduğu vurğulanıb.
Tədbir çərçivəsində hər iki məktəbin müəllim və şagirdləri Üzeyir Hacıbəyovun məşhur əsərlərindən bəstələnmiş müxtəlif kompozisiyaları ifa edərək tədbirə xüsusi gözəllik qatıblar. Bəstəkarın “Arşın Mal Alan” operettasından və digər məşhur əsərlərindən parçalar təqdim olunub.
Tədbir həm də Üzeyir Hacıbəyovun musiqisinin zamanla necə yaşadığını, hər nəsil tərəfindən necə sevildiyini və milli kimliyimizin bir parçası olduğunu bir daha nümayiş etdirib.