Bu gün, 18 sentyabr, Azərbaycan musiqi mədəniyyətində əlamətdar gün hesab olunur. Böyük bəstəkar, publisist və maarifçi Üzeyir bəy Hacıbəyov 1885-ci ilin bu tarixində Ağcabədidə dünyaya göz açıb. Onun zəngin irsi milli musiqinin inkişafında yeni mərhələ yaradaraq həm maarifçilik, həm də sənət baxımından Azərbaycan tarixində mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, Üzeyir Hacıbəyovun yaradıcılığı musiqi ilə məhdudlaşmayıb. O, həmçinin publisistik yazıları ilə də milli düşüncənin formalaşmasına töhfə verib. İlk dəfə “Leyli və Məcnun” operası ilə Şərqdə opera janrının əsasını qoyan bəstəkar sonrakı illərdə “Koroğlu” kimi möhtəşəm əsərlərlə dünya musiqi tarixinə adını yazdırıb. Onun müəllifi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni isə bu gün də müstəqil dövlətimizin rəmzi kimi səslənir.
Üzeyir bəyin irsi bu gün də musiqi məktəblərində, konservatoriyalarda və müxtəlif tədqiqat mərkəzlərində öyrənilir. Onun qoyduğu bünövrə yeni nəsillərə milli musiqi ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində ilham verir. Hacıbəyovun həyat yolu göstərir ki, sənət yaradıcılıqla yanaşı, həm də millətə xidmət etmək, kimliyini qorumaq və gələcək nəsillərə ötürmək missiyasıdır