Salyan Dövlət Rəsm Qalereyası və Salyan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Əbədi səslər, əbədi rənglər” adlı sərgi açılıb. “Art Musiqi” layihəsi çərçivəsində keçirilən sərgi 18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbət verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin məlumatına görə, tədbirdə ziyalılar, musiqiçilər, rəssamlar, məktəblilər və könüllülər iştirak ediblər. Natiqlər Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqisindəki xidmətlərindən danışıblar.
Sərginin ilk hissəsində görkəmli incəsənət xadimlərinin şəxsi əşyaları, qədim musiqi alətləri və “Cəngi” ansamblına aid eksponatlar nümayiş olunub. İkinci hissədə isə yeniyetmə rəssamların Üzeyir Hacıbəyli və digər sənətkarların yaradıcılığına həsr olunmuş əsərləri təqdim edilib. Tədbir çərçivəsində musiqi ifaları da səsləndirilib.
Sərgi sentyabrın 22-dək açıq olacaq.