Şirvan şəhər mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə dahi bəstəkar, böyük musiqişünas alim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Şərqdə ilk operanın yaradıcısı – Üzeyir Hacıbəyli” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin verdiyi məlumata görə, tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı və müavinləri, YAP Şirvan şəhər təşkilatının sədri, idarə və müəssisə rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İki hissədən ibarət proqram çərçivəsində əvvəlcə rəsm sərgisinə baxış keçirilib, daha sonra isə qonaqlar dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitablarla tanış olublar. Ardınca böyük bəstəkarın ömür yolunu işıqlandıran film nümayiş etdirilib.
Çıxışlarda vurğulanıb ki, milli musiqimizin banisi olan Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqi mədəniyyətinə bəxş etdiyi ölməz əsərlər xalqımızın yaddaşında daim yaşayır və gələcək nəsillərə böyük dəyərlə ötürülür.
Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin təqdim etdiyi geniş konsert proqramı ilə davam edib.