İnsanların gələcəyi onların necə öyrəndiyindən asılıdır. Təhsil sadəcə kitablarda qalan bilik deyil, yeni ideyalar yaratmaq, dünyaya fərqli baxmaq deməkdir. İnnovasiya isə bu yolun ən böyük dayağıdır – çünki təhsil ilə innovasiya birləşəndə inkişaf başlayır.
Təhsildə innovasiyaların tətbiqi şagirdlərin yaradıcılıq qabiliyyətinə necə təsir göstərir? Və innovativ tədris metodları gələcəyin təhsil sistemində hansı dəyişikliklər yarada bilər?
Təhsil eksperti Qoşqar Məhərrəmov "Tehsil365"ə açıqlamasında bildirib ki, təhsildə innovasiyaların tətbiqi şagirdlərin yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərir:
"Ancaq bu, o demək deyil ki, bütün dərslərdə mütləq texnoloji vasitələrdən istifadə olunmalıdır. Çünki innovasiya yalnız texnologiya demək deyil. Texnologiya innovasiyaların bir istiqamətidir. Tədrisdə innovativ yanaşmalar müxtəlif formalarda – təbiətlə bağlı fəaliyyətlər, əlavə vasitələrdən istifadə və eksperimentlər vasitəsilə də həyata keçirilə bilər.
İnternetin təqdim etdiyi simulyasiyalar, oyunlar, müxtəlif muzeylərə virtual səyahət və virtual reallıq alətləri texnoloji innovasiyalara daxildir. Onların tətbiqi şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir edir. Bu vasitələrin məktəblərdə tətbiqi üçün sürətli internet və sabit kompüter sistemi qurulmalıdır".
Ekspert son olaraq bildirib ki, innovativ tədris prosesində müəllimin rolu nisbətən azalır:
"Müəllim artıq biliklərin yeganə mənbəyi yox, bilik mənbələrindən biri olacaq. Bu baxımdan müəllim kurikulum sənədlərində də qeyd edildiyi kimi, fasilitator rolunu oynayacaq. Şagirdlər isə fəal rol alaraq öz öyrənmə proseslərini özləri dizayn edəcəklər. Bu prosesin uğurlu olması üçün müəllim ətraflı məlumatlı olmalı və idarəetməni düzgün aparmalıdır".
İnnovasiya: təhsildə yaradıcılığı təşviq edən amil
43918.09.2025 - 15:00
