Naxçıvan Dövlət Universitetində 20 sentyabr – Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Tehsil365” xəbər verir ki, universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov çıxışında Azərbaycan dövlətçiliyinin minilliklər boyu sınaqlardan keçdiyini vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində müstəqillik qorunub və möhkəmlənib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkə öz suveren hüquqlarını tam təmin edərək regionun aparıcı dövlətinə çevrilib. 2024-cü il 19 sentyabr tarixli sərəncamla “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi dövlətçilik tariximiz və milli kimliyimizin möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
Tarix-filologiya fakültəsinin dekan müavini Qadir Əkbərov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin hüquqi və dövlətçilik tarixində əlamətdar hadisələrin ildönümü ilə bağlı olduğunu qeyd edib. Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nazlı Yaqubova isə Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror əməliyyatının əhəmiyyətindən danışıb, Azərbaycanın konstitusiya quruluşunun bərpa olunmasının dövlətin qətiyyətli mövqeyinin göstəricisi olduğunu bildirib.
Tədbir “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.