Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası” mövzusunda elmi konfrans təşkil olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın suverenliyinin beynəlxalq hüquqa əsasən tam təmin olunmasının tarixi-siyasi əhəmiyyətindən bəhs edib, elmi ictimaiyyətin milli ideologiyanın möhkəmləndirilməsində rolunu vurğulayıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent İlhami Əliyev Konstitusiyada təsbit olunmuş dövlətçilik prinsipləri və suverenliyin hüquqi mahiyyəti barədə məruzə ilə çıxış edib.
Eyni institutun baş elmi işçisi, dosent Zeynəb Quliyeva isə II Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı həlledici rolunu elmi faktlarla əsaslandırıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Məmmədov 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatlarının suverenliyin tam bərpası baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə çəkilmiş fotoları təqdim edib.