Şəki-Zaqatala Regional Təhsil İdarəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi paylaşım edib.
Qeyd edilib ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, ölkəmizin müasir siyasi həyatında tutduğu yerdən bəhs ediblər. Bildirilib ki, dövlətçilik tariximizin bu əlamətdar günü xalqımızın mübarizliyinin və müstəqillik iradəsinin təcəssümüdür.
Sonda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərində tam suverenlik bərpa olunub.