Müasir dövrdə texnologiyanın təhsil sahəsində rolu getdikcə artır və bu, psixoloqlar arasında müzakirə mövzusu olaraq qalır.
Uzman Klinik Psixoloq Qumru Şərifova “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, texnologiya psixoloji baxımdan həm gücləndirici, həm də risk yaradan iki tərəfli vasitədir. Onun sözlərinə görə, effektiv nəticə üçün balans vacibdir:
“Texnologiyanı öyrənməni asanlaşdıran dəstək vasitəsi kimi istifadə etmək lazımdır, amma insan–insan təmasını və emosional təhsili əvəz etməsinə imkan verməmək vacibdir.”
Qumru Şərifova əlavə edib ki, texnologiya məktəblilərin beyninə bəzi faydalar gətirsə də, mənfi təsirləri üstünlük təşkil edir. O, bu təsirləri belə sadalayır:
diqqətin zəifləməsi,
dopamin sisteminin ani həzzə öyrəşməsi,
yaddaşın səthi öyrənməyə yönəlməsi,
emosional həssaslığın artması,
yaradıcı düşüncənin azalması.
Psixoloq xəbərdarlıq edib ki, balans qorunmadıqda psixoloji və neyroloji risklər üstünlük təşkil edir və bu, uşaqların təhsil prosesinə mənfi təsir göstərə bilər.