Yeni tədris ilinin başlaması ilə bəzi məktəblərdə fond pulu yığılmasıyla bağlı şikayətlər olur. Buna görə bəzi məktəb direktorları da işdən çıxarılıb. Nə üçün bu hallara yol verilir? Qarşısını almaq üçün nə etmək lazımdı? Bu kimi hallarla rastlaşıldığı zaman başqa hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov ‘’Tehsil365’’ə verdiyi açıqlamasında bildirib ki, məktəblərdə fond pulu valdeyn komitəsi vasitəsilə sinifin, məktəbin inkişafına, şagirdlərin təhsilinə yönəlik həyata keçirilirsə qaydaları pozmadan bu hal ola bilər.
‘’ Qeyri-qanuni, qeyri-şəffaf valdeynlərin istəyi olmadan toplanması təbii ki, yolverilməzdir. Bu hal ilə rastlaşıldığı zaman Elm və Təhsil Nazirliyinin qaynar xəttinə müraciət oluna bilər. Qanun çərçivəsində təhsilə dəstək faydalıdır. Məktəb və sinif rəhbərliyi bu fonda nəzarət etməməlidir, bu tamamilə könüllü, valdeynlərin istəyi ilə keçirilməlidir’’.
Elçin Süleymanov qeyd edib ki, məktəbdə fond pulu yığaraq, bəzi gigeyinik avadanlıqların, təmizlik məhsullarının alınması və s. tamamilə qanunsuzdur.
‘’Buna dövlət kifayət qədər vəasit ayırır. Buna görə valdynlər həssas olmalıdır, qeyri-qanuni bir tələb olduğu zaman buna qarşı çıxmalıdır. Amma, təhsilin inkişafına yönəlik müsbət layihələrin maliyyələşməsində də qanuni çəriçivə gözlənilməlidir’’.
Təhsil eksperti Məzahir Məmmədli isə ‘’Tehsil365’’ə verdiyi müsahibəsində bildirib ki, son günlərdə sözügedən səs yazılarının yayılması ilə bağlı bir neçə məktəb direktoru da cəzalanıb. Burada bir məsələ də var ki, həmin səs yazılarının çoxu məktəb rəhbərliyinə yox, valdeyn komitələrinə məxsusdur.
‘’Mən düşünürəm ki, təhsil sistemində ‘’valdeyn komitəsi’’ deyilən bir təssisat olmadığına görə, bu qrupların nizamnamə çərçivəsində fəaliyyəti tənzimlənməlidir. Ya məktəb rəhbərliyinin özü, ya Elm və Təhsil Nazirliyi nizamnamə hazırlamalıdır. Hər bir halda məktəbdəki valdeyn komitələri müəyyən nizamnamə ilə tənzimlənməlidir ki, həmin şəxslər müəyyən məsuliyyəti hiss etsinlər’’.
Məzahir Məmmədli qeyd edib ki, bu gün müəllim adından, məktəb adından bu kimi hallar baş verir. Valdeyn komitəsi təşkil edir ki, fond pulu və ya başqa məsələlər ilə bağlı pul yığımı keçirilsin.
‘’Aydınlaşdıranda məlum olur ki, bu işdə təşəbbüskar müəllim, direktor yox, valdeynlərin özüdür. Bu hadisənin məktəb rəhbərliyinə bir aiddiyyatı olmur. Həmin şəxslər məsuliyyət daşımalıdır ki, müəllim və rəhbərlik adından danışmaq olmaz. Əgər həqiqətən sinif rəhbəri və ya direktor bu hallara yol veribsə, o zaman onlar da işindən azad olacaqlar. Son vaxtlar bu məsələlərin ciddi araşdırılması gedir’’.