İndiki dövrdə tələbələr və gənclər arasında stress artmaqdadır. Təhsil, iş axtarışı, karyera planları, maddi çətinliklər və sosial gözləntilər onların üzərinə böyük yük qoyur. Bəs stresslə başa çıxmanın hansı yolları var?
Mövzu haqqında ailə və uşaq psixoloqu Aynur İsmayılova ‘’Tehsil365’’ə verdiyi müsahibəsində bildirib ki, vaxtın tez keçdiyini hamı təsdiq edir. Belə qısa gündə istifadə etdiyimiz alətlərdə telefonlarda və s. ‘’sürət mexanizmi’’ daha sürətlidir. Telefonlar sensordur, bütün məlumatlara daha sürətlə girmək olur, bir videonu sürətlə bir neçə saniyə ərzində izləmək olur.
‘’Təəsüf ki, həyatda bu sürət mövcud deyil. Belə olduğu halda insanlar daha çox stress keçirirlər, gənclər sosial şəbəkələrə daxil olaraq, bloggerlərin ‘’axarlı-baharlı’’ göstərdiyi həyatlarını izləyirlər. Bəlkə də, heç göstərdikləri kimi deyil. Ondan dolayı da, bəzi ehtiyyaclarını ödəyə bilməyən gənclər, izlədiyi nüanslardan stressə düşməyə başlayırlar. Amma, stressə düşməmək üçün ilk olaraq, əlində hansı bacarıqları varsa onu dəyərləndirməlidir’’.
Aynur İsmayılova qeyd edib ki, öz bacarıqlarının fərqində olduqda, insan ondan istifadə etməyə başlayır. Və ən əsas məsələlərdən biri odur ki, gənclər özgüvən yolunda addım atmalı, ətrafında ona güvənən, ona motivasiya verən insanları toplamalıdırlar.
‘’Eyni zamanda bir insan virtual həyata və ya evə bağlıdırsa, bu insanlar daha çox stress keçirirlər. Mütləq şəkildə gənclər və tələbələr sosial olmalı, sosial oyunlara qoşulmalı, boş vaxtlarını zənginləşdirməli, öz bacarıqlarının kəşfinə getməli, özünə rutin qaydalar, planlar tutmalıdırlar. Əgər gənclərin uyğun rutini və qaydaları olarsa, bu şəkildə stressdən uzaq ola bilərlər’’.