Müasir dövrdə internet tələbələrin həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu asılılıq bəzən onların təhsil nəticələrinə mənfi təsir göstərir. Sosial şəbəkələrdə və oyunlarda uzun müddət vaxt keçirmək tələbələrin dərs materiallarına diqqətini azaldır, öyrənmə vərdişlərini zəiflədir və nəticədə akademik göstəricilərində geriləmələr müşahidə olunur.
“Tehsil365” xəbər verir ki, aparılan araşdırmalara görə, internetdən həddindən artıq istifadə edən tələbələr dərs zamanı tez yorulur, diqqətini cəmləməkdə çətinlik çəkir və imtahan sessiyalarında stresslə daha çox üzləşirlər. Mütəxəssislər bildirirlər ki, bu asılılıq həm də yuxu rejimini pozur, yaddaşa mənfi təsir edir və nəticədə tələbələrin uğurlarını əngəlləyir.
Mütəxəssislərin tövsiyələrinə əsasən, tələbələr internetdən istifadəni vaxt idarəetməsi ilə tarazlaşdırmalı, tədris prosesində daha çox faydalı mənbələrə üstünlük verməlidirlər. İnterneti düzgün istiqamətdə istifadə edən gənclər həm akademik biliklərini artırır, həm də gələcək karyera bacarıqlarını inkişaf etdirə bilirlər.