Müasir əmək bazarında rəqəmsal bacarıqlar əsas tələblərdən biri hesab olunur. Lakin bir çox tələbə hələ də bu sahədə kifayət qədər bilik və təcrübəyə malik deyil. Kompüter biliklərinin zəifliyi, ofis proqramlarından istifadə bacarıqlarının olmaması və rəqəmsal mühitdə informasiya axtarışında çətinliklər onların iş müsahibələrində uğur qazanmasına mane olur.
"Tehsil365" xəbər verir ki, mütəxəssislərin fikrincə, tələbələrin rəqəmsal səriştələrinin aşağı olması yalnız ali məktəblərdə tədrisin zəif təşkilindən qaynaqlanmır. Onların orta məktəb dövründən başlayaraq İKT bacarıqları üzərində ciddi şəkildə işləməməsi də vəziyyəti ağırlaşdırır. Bu, həm də beynəlxalq rəqabətdə gənclərin geri qalmasına səbəb olur.
Ekspertlər hesab edir ki, universitetlərdə tələbələrin iş dünyasına hazırlığını artırmaq üçün rəqəmsal savadlılıq üzrə kursların sayını çoxaltmaq vacibdir. Eyni zamanda tələbələrin praktiki təcrübə imkanlarının genişləndirilməsi, şirkətlərlə əməkdaşlıqların qurulması və tədris planına müasir texnologiyaların tətbiqi onların gələcək karyerasına birbaşa müsbət təsir göstərə bilər.