Meta şirkəti 16 dekabr 2025-dən etibarən istifadəçilərin öz süni intellekt çat-botu (Meta AI) ilə yazışmalarını və səsli sorğularını fərdiləşdirilmiş məzmun və reklamların hədəflənməsi üçün istifadə etməyə başlayacaq.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu o deməkdir ki, məsələn, çat-botdan yürüş və ya turizm haqqında soruşan istifadəçilərə sosial şəbəkələrdə yürüş avadanlıqları və ya təbiət qrupları ilə bağlı reklamlar göstərilə bilər.
Şirkət bildirib ki, din, siyasət, sağlamlıq, seksual orientasiya və irqlə bağlı həssas mövzular reklam hədəflənməsi üçün istifadə olunmayacaq. Bununla belə, istifadəçilər digər mövzular üzrə məlumatlarının istifadəsini dayandıra bilməyəcəklər, yəni opt-out imkanı olmayacaq.
Yeni qaydalar Avropa İttifaqı, Böyük Britaniya və Cənubi Koreyada sərt məxfilik qanunlarına görə hələlik tətbiq olunmayacaq. Meta istifadəçiləri bu dəyişiklik barədə 7 oktyabr 2025-dən etibarən məlumatlandıracaq.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu addım istifadəçilərin şəxsi məkan hissini poza bilər və yazışmaların kommersiya məqsədilə istifadə olunması güclü narahatlıq doğurur.