Müasir dövrdə süni intellekt bəşəriyyətin qarşısında duran ən böyük yeniliklərdən biridir. Bu texnologiya insan həyatının bütün sahələrinə təsir göstərərək həm böyük imkanlar, həm də müəyyən risklər yaradır.
Məsələ ilə bağlı “Tehsil365”ə Xaçmaz rayonu Şəmsəddin Sədiyev adına Qımılqışlaq tam orta ümumitəhsil məktəbinin müəllimi Ağasiyev Elçin fikirlərini bölüşüb.
O bildirib ki, süni intellekt bu gün bəşəriyyətin qarşısında duran ən böyük yeniliklərdən biridir:
“Gündən-günə yüksələn binalar, açılan zavodlar, kosmosun fəthi, Ay və Marsa səyahətlər, eləcə də texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrinə təsir göstərir. Artıq uşaqlıqda yalnız filmlərdə gördüyümüz ağıllı cihazlar və robotlar bu gün gündəlik həyatımıza daxil olur.”
Lakin sual yaranır: süni intellekt insanlığa daha çox xeyir gətirəcək, yoxsa ziyan?”
Ağasiyev Elçin süni intellektin bir çox sahələrdə müsbət təsirini qeyd edib:
“Tibb sahəsində süni intellekt xəstəliklərin vaxtında aşkarlanmasına, həkimlərin daha dəqiq diaqnoz qoymasına kömək edir. Təhsil sahəsində fərdi öyrənmə imkanı yaranır, hər bir şagird öz qabiliyyətinə uyğun öyrədilə bilir. Nəqliyyatda avtopilotlu maşınlar və ağıllı nəzarət sistemləri yol qəzalarını azalda bilər. Sənaye və kənd təsərrüfatında robotların tətbiqi işləri sürətləndirir, məhsuldarlığı artırır. Kosmos araşdırmalarında süni intellekt sayəsində yeni planetlər və kainat sirlərinə daha tez çatmaq mümkündür.”
Bununla yanaşı, o, texnologiyanın mənfi tərəflərinə də diqqət çəkib:
“Texnologiyanın inkişafı ilə ailə dəyərləri zəifləyə, insanlar tənbəlləşə bilər. Eyni zamanda, robotların çoxalması işsizlik problemi yarada bilər. Təbiətə zərər, texnoloji tullantılar və süni intellektin silahlanma məqsədilə istifadəsi isə bəşəriyyət üçün ciddi təhlükədir.”
Sonda Elçin müəllim vurğulayıb ki, süni intellektin yaxşı və pis tərəfi onun hansı məqsədlə istifadə olunmasından asılıdır:
“Süni intellekti övladlarımıza silah kimi yox, elm və sülh vasitəsi kimi öyrətməliyik. Yalnız bu halda texnologiya doğrudan da bəşəriyyət üçün faydalı olar və yeni əsr bi zə daha çox işıq gətirər.”