Azərbaycan və Türkiyə qardaşlığının əsasını təşkil edən mühüm sahələrdən biri təhsil və gənclikdir. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi məqsədilə 6 oktyabr 2025-ci il tarixində İstanbulda “Azərbaycan–Türkiyə Münasibətləri: Təhsil və Gənclik üzərinə” adlı tədbir keçiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Tədbir “Beyruha Derneği” və “Ahıskalı Gönüllü Eğitimciler Birliği (AHGEB)” təşkilatçılığı ilə baş tutacaq. Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edəcək.
Toplantı çərçivəsində iki qardaş ölkə arasında təhsil əlaqələrinin inkişafı, gənclərin inteqrasiyası, Ahıska türklərinin Azərbaycan və Türkiyə cəmiyyətlərində rolu, vətənə dönüş prosesi və milli kimliyin qorunması kimi mühüm məsələlər müzakirə olunacaq.
Deputat Ceyhun Məmmədov bildirib ki, gəncliyin maariflənməsi, ortaq dəyərlərin qorunması və elm vasitəsilə gələcəyə yönəlməsi hər iki dövlətin strateji hədəfidir. Bu istiqamətdə atılan addımlar Azərbaycan və Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Tarix: 6 oktyabr 2025 Saat: 19:00 – 20:00 Ünvan: Aziz Mahmud Hüdayi Mahallesi, Sümbülzade Sokak No:1, Üsküdar / İstanbul

