Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfransda iştirak edir.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndələri qatılıblar. Konfransda bir sıra müsəlman ölkələrinin parlament üzvləri terrorizm və zorakı ekstremizmlə mübarizədə İslam dəyərlərinin düzgün təbliği, həmçinin bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edirlər.
Deputat Ceyhun Məmmədov çıxışında Azərbaycanın terror və ekstremizmlə mübarizə sahəsində qazandığı təcrübəni bölüşəcək. O bildirib ki, son illər bu sahədə ölkəmizin qanunvericilik bazası təkmilləşdirilib və Azərbaycan beynəlxalq səviyyədə terrora qarşı mübarizədə fəal mövqe nümayiş etdirir.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə regional deyil, həm də İslam dünyasında sülhün və sabitliyin təşviqinə mühüm töhfə verir.
Səfər çərçivəsində deputat müxtəlif ölkələrin parlament nümayəndələri ilə görüşlər keçirərək fikir mübadiləsi aparacaq.

