Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) KOB-lar Şəbəkəsinin yaradılmasına qərar verilib.
“Tehsil365” “Report”a istinadən xəbər verir ki, forumun açılışında bildirilib: “bu təşəbbüs İƏT çərçivəsində kiçik və orta biznesə (KOB-lara) dəstək göstərən qurumlar arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Şəbəkənin ilk təsis toplantısının yaxın zamanda keçirilməsi planlaşdırılır”.
İki gün davam edəcək AZHAB Forumu 2025 konfrans və sərgidən ibarətdir. Tədbirdə halal sənayenin ənənəvi sahələri – maliyyə, turizm, yaşıl keçid, biznesdə qadınların rolu və digər istiqamətlər müzakirə olunur. Forum həmçinin investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, fikir və təcrübə mübadiləsinin aparılması və Azərbaycana xarici sərmayələrin cəlb edilməsi məqsədi daşıyır.
Tədbirdə yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahibkarlar, akademik dairələr və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

