İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “II Azərbaycan Halal Biznes (AZHAB) Forumu” keçirilir. Forum bu il “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir. Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, fikir və təcrübə mübadiləsi və Azərbaycana xarici sərmayələrin cəlb edilməsidir.
Forum çərçivəsində yerli və xarici rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr və sərginin açılışı nəzərdə tutulub. İki gün davam edəcək forumda altı panel iclas təşkil ediləcək. Forum İƏT, SESRIC, SMIIC, İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ildə keçirilib və 350-dən çox qonaq iştirak etmişdi.

