Türkiyəyə səfəri çərçivəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkənin aparıcı dini və xeyriyyə təşkilatlarından biri olan Aziz Mahmud Hüdayi Vəqfini ziyarət edib.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Səfər zamanı vəqfin çoxşaxəli fəaliyyəti, eləcə də həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanışlıq olub. Qeyd edilib ki, vəqf yalnız Türkiyədə deyil, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Azərbaycanda da fəaliyyət göstərir.
Aziz Mahmud Hüdayi Vəqfi İslam dəyərlərinin təbliği, ehtiyac sahiblərinə yardım, təhsil və sosial dəstək layihələrinin icrası kimi istiqamətlərdə mühüm işlər görür. Xüsusilə hər gün minlərlə insana isti yemək təqdim etməklə, həm Türkiyədə, həm də xarici ölkələrdə insanlıq və yardımlaşma ənənələrinin yaşadılmasına töhfə verir.
Vəqf nəzdində xarici tələbələr üçün müasir şəraitli yataqxana və təlim-tədris kursları fəaliyyət göstərir. Burada müxtəlif ölkələrdən gələn gənclər üçün dini, mənəvi və akademik bilikləri inkişaf etdirən seminarlar və mədəni proqramlar təşkil olunur.
Deputatın sözlərinə görə, bu ziyarət Türkiyədə dini, humanitar və sosial fəaliyyətlərin yüksək səviyyədə təşkil olunduğunu və Aziz Mahmud Hüdayi Vəqfinin beynəlxalq humanitar missiyasının geniş miqyasını daha dərindən görmək imkanı yaradıb.

