ICESCO-nun Bakı Regional Ofisi XI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ilk dəfə iştirak edir. Təşkilatın stendində region ölkələri öz əksini tapıb; burada həm kitablar, həm də mədəniyyət, incəsənət və memarlıq elementləri nümayiş etdirilir.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, təşkilatın regional direktorunun müavini Məryəm Qafarzadə sərgi zamanı bildirib ki, Azərbaycanda belə genişmiqyaslı kitab sərgisinin keçirilməsi ölkənin mədəniyyət, nəşriyyat və ədəbiyyat sahələrində sürətli inkişafının göstəricisidir: “Burada yüksək keyfiyyətli çoxsaylı nəşrlər nümayiş olunur. Azərbaycan dilinə klassik və müasir dünya ədəbiyyatı əsərlərinin tərcümə olunması və yüksək səviyyədə çap edilməsi məni çox məmnun edir”.
Məryəm Qafarzadə əlavə edib ki, ICESCO-nun sərgidə iştirakı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır: “Biz region ölkələrində mədəniyyət, elm və təhsil sahələri üzrə əməkdaşlıq üçün böyük potensial görürük. Azərbaycanın qədim tarixi və unikal mədəni irsi bu əməkdaşlığın əsasını təşkil edir. Çalışırıq ki, bu irs ICESCO-nun üzv dövlətlərində geniş şəkildə təmsil olunsun və vurğulansın”.

