Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi sahəsi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr hündürlüyündə 2 minarə, əsas günbəzin isə hündürlüyü 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.
Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də töhfələrini verirlər. Belə ki, Türkmənistan Füzulidə məscid, Özbəkistan Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan Ağdamda Manas adına məktəb, Macarıstan Cəbrayılda məktəb binası tikib istifadəyə verib, Türkiyə şirkətləri isə tunel, körpü və yolların inşasında iştirak edir.

