Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda yüksək səviyyəli görüş keçirib. Görüşdə ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri və Azərbaycan nümayəndə heyəti iştirak edib.
“Tehsil365” “Qafqaz Müsəlmanları İdarəsi”nə istinadən xəbər verir ki, görüşdə Şeyxülislam A. Paşazadə Azərbaycanda dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşmanın yüksək səviyyədə olduğunu vurğulayıb, bu modelin beynəlxalq tədbirlərdə nümunə kimi qəbul edildiyini bildirib.
ABŞ tərəfi ölkəmizdə irəliləyiş və qonaqpərvərliyi qeyd edərək, İslamofobiya ilə mübarizəyə dair forumların əhəmiyyətini vurğulayıb. Eyni zamanda, dini azadlıq və dini ədəbiyyatın senzuraya məruz qalması ilə bağlı ABŞ tərəfinin iradlarına Azərbaycan nümayəndə heyəti tutarlı dəlillərlə cavab verib.
Görüşdə həmçinin dini icmaların qeydiyyatı, dövlət-din münasibətləri və dinlərarası dialoq məsələləri müzakirə olunub. Şeyxülislam A. Paşazadə komissiya üzvlərini Azərbaycana dəvət edərək, ölkəmizdə həqiqəti yerində görməyə çağırıb. Alban-udi icmasının sədri Robert Mobili isə Azərbaycanda xristian icmasının dövlət dəstəyi və müsəlman xalqının yardımını yüksək qiymətləndirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov isə İslamofobiya və dini ayrıseçkiliyə qarşı fəaliyyətlərini təqdim edib. Şeyxülislam Allahşükür Paşazadənin ABŞ səfəri davam edir.

