Bu ilin sonunadək “Hər məsciddə kitabxana” layihəsi 250 məsciddə həyata keçiriləcək. Layihə artıq 180 məsciddə tətbiq olunub.
“Tehsil365” “Reporta”a istinadən xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov Komitə yanında İctimai Şuranın üzvləri ilə görüşdə bildirib.
Vüsal Göyüşov bildirib ki, Fond müxtəlif maarifləndirici layihələr, sosial kampaniyalar və elmi-praktik konfranslar təşkil edir. Eyni zamanda, bölgələrdə dini icmalar, gənclər və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərlərin təbliği istiqamətində davamlı fəaliyyət göstərilir. Görüşdə “Hər məsciddə kitabxana” layihəsinin icrasına hazırlıq mərhələsində görülən işlər haqqında məlumat verilib.
İctimai Şuranın sədri Elnur Mustafayev, sədr müavini Səadət Məmmədova və üzvlər Fuad Məmmədov, Cəbi Bəhramov, Nigar Axundova, Tural Əhmədov layihəni, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təsis edilən təqaüd proqramlarını təqdir ediblər.
Görüşdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdirilməsi, gənclərin radikal təsirlərdən qorunması və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları da müzakirə olunub.

