“Bəzən yorulurdum, bəzən ümidsizləşirdim, amma hər dəfə ailəmin mənə olan sevgisi və inamı məni ayaqda saxlayırdı”.
Bu fikirləri “Tehsil365“ə verdiyi müsahibəsində hüquq tələbəsi Fəridə Rəşidzadə deyib.
Zəhmət olmasa, özünü təqdim edin və bu ixtisasa necə qəbul olduğunuz haqqında danışın:
“Mən Rəşidzadə Fəridə Anar qızı 2024-cü il universitetə qəbul imtahanında 668.7 bal toplayaraq arzum olan hüquq fakültəsinin hüquqşünaslıq ixtisasında ingiliscə təhsil alıram. Bu nəticə mənim üçün sadəcə bir rəqəm deyil, illərlə çəkilən zəhmətin, əzmin və inamın göstəricisidir. Uşaqlıqdan bəri insanlara ədalətli davranmaq, haqsızlıqlara qarşı dayanmaq arzusu məndə hüquq sahəsinə böyük maraq yaratmışdı. Buna görə də məqsədim hər zaman bu ixtisasa qəbul olmaq idi”.
Bu yolda çətinliklərlə qarşılaşmısınız?
“Bu yolda çox çətinliklərlə qarşılaşdım. Gecələr yatmayıb testlər işlədiyim, səhvlərimi təhlil etdiyim günlər çox oldu. Bəzən yorulurdum, bəzən ümidsizləşirdim, amma hər dəfə ailəmin mənə olan sevgisi və inamı məni ayaqda saxlayırdı. Onların “sən bacaracaqsan” sözləri mənim üçün ən böyük motivasiya idi. Mən də hər dəfə bu sözləri xatırlayıb daha çox çalışırdım”.
Bu məqsədə çatmağı özünüzə necə mümkün etdiniz?
“Hər gün özümə yeni məqsədlər qoyurdum — bir az daha çox bilmək, bir az daha yaxşı olmaq üçün. Zəhmətimin qarşılığını aldığım gün, imtahan nəticəmi gördüyüm an bütün yorğunluğum yoxa çıxdı. O an anladım ki, səbr, əzm və ailə sevgisi birləşəndə istənilən məqsədə çatmaq mümkündür”.
Qarşıda sizi nələr gözləyir?
“İndi isə həyatımın yeni mərhələsi başlayır. Hüquq fakültəsində təhsil alaraq həm öz arzularımı reallaşdırmaq, həm də gələcəkdə ölkəmizin hüquq sisteminə töhfə vermək istəyirəm. Qarşıda məni uzun bir yol gözləyir, amma bu yola ürəklə çıxıram, çünki bilirəm ki, əgər istəsəm, hər şeyə nail ola bilərəm”.