Qarabağda Zəfərin 5 illiyinə həsr olunmuş “Mənəvi dəyərlər həftəsi” layihəsi həyata keçirilir. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə reallaşır.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin milli kimlik və vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi-mədəni irsimizə və milli-mənəvi dəyərlərə bağlılığın artırılmasıdır.
“Mənəvi dəyərlər həftəsi” çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkiblər. Onlar şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ruhlarına dualar oxuyublar.
Tələbələr daha sonra Zəngilan və Cəbrayıl rayonlarında, eləcə də ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində yerləşən tarixi, dini və mədəni abidələrlə tanış olublar.
Layihə boyunca gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, həmçinin Qarabağda bərpa olunan həyatın əhəmiyyətinə diqqət yönəldilir.

