Oktyabrın 13-də Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunmuş “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü təşkil edilib.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış ediblər.
Çıxışlarda mənəvi dəyərlərin qorunmasının və gənc nəslə aşılanmasının əhəmiyyətindən, Qarabağın dirçəliş mərhələsində bu dəyərlərin cəmiyyət üçün birləşdirici rolu vurğulanıb.
Rəsmi hissədən sonra tədbir elmi mühazirələrlə davam edib, iştirakçılara mənəvi irs və milli kimliyin möhkəmləndirilməsi mövzularında məlumatlar təqdim olunub. Günün sonunda isə bədii proqram nümayiş etdirilib.

