İlahiyyatçı Ağa Hacıbəyli hesab edir ki, gənclərin düzgün formalaşması üçün elm və mənəvi dəyərlər paralel şəkildə inkişaf etdirilməlidir.
“Tehsil365”ə açıqlama verən İlahiyyatçı Ağa Hacıbəyli qeyd edir ki, müasir dövrdə texnologiyanın və təhsil islahatlarının sürətlə inkişafı bir çox hallarda mənəvi dəyərləri arxa plana keçirir.
Ağa Hacıbəyli bildirib ki, elm və tərbiyə tarix boyu insanın formalaşmasında mühüm rol oynayıb: “İnsanı insan edən bilgi deyil, onun imanı, vicdanı və mənəvi dəyərləridir. Şeytanın da biliyi var, amma mənəviyyatı yoxdur. Ona görə də elmin yanında mütləq tərbiyə olmalıdır”.
İlahiyyatçının fikrincə, gənclərin bu istiqamətdə düzgün formalaşması üçün əsas strategiya dini dəyərlərin dərindən öyrənilməsi və elmlə uzlaşdırılmasıdır.
“Qurani-Kərimdə həm ‘oxu’ əmri, həm də iman və saleh əməllərə çağırış var. İnsan nə qədər çox düşünərsə, bir o qədər mənəvi cəhətdən dərinləşər,” – deyə o qeyd edib.
Ağa Hacıbəyli əlavə edib ki, kainatın daim genişlənməsi insana da mesaj verir: “Biz genişlənən bir kainatda yaşayırıq. İnsan da öz mənəvi dünyasını genişləndirməli, həm elm, həm iman baxımından dərinləşməlidir. Elm təkbaşına insanda təkəbbür yaradır, amma elm imanla birləşəndə insan kamilləşir”.

