Suriyalı dərzi və xəttat Məhəmməd Mahir Hazeri 12 illik zəhmət nəticəsində parça üzərində saplarla işlənmiş nadir Qurani-Kərim nüsxəsi hazırlayıb. O, bu sənət əsərinə 1998-ci ildə başlayıb və 2010-cu ildə tamamlayıb.
“Tehsil365” “IQNA”ya istinadən verdiyi xəbərə görə, Hazeri Qurani-Kərimin hər bir ayəsini parça üzərinə incə saplarla işləyib. Onun hazırladığı nüsxə həm dini, həm də sənət baxımından böyük dəyərə malikdir. Hazeri bildirib ki, məqsədi Qurani-Kərimin müqəddəsliyini sənət vasitəsilə əks etdirmək olub.
Hazırlanan nüsxə 12 cilddən ibarətdir, hər cildin uzunluğu 80 santimetr, eni isə 60 santimetrdir. Ümumi çəkisi təxminən 200 kiloqram olan bu möhtəşəm əsər, həm Qurani-Kərimə sevginin, həm də əl işinin nadir nümunəsi kimi diqqət çəkir.

