Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində dünyanın ən geniş dinlərarası şəbəkələrindən biri olan "Dinlər Sülh Uğrunda" təşkilatının Nyu Yorkdakı baş ofisini ziyarət edib. O, təşkilatın həm-prezidenti və Ümumdünya Şurasına üzv seçildikdən sonra bu görüşü həyata keçirib.
“Tehsil365” “Qafqaz Müsəlmanları İdarəsi”nə istinadən xəbər verir ki, QMİ sədrini Nobel mükafatı laureatı, təşkilatın baş katibi Dr. Frensis Kuria qarşılayıb. Görüşdə təşkilatın fəaliyyəti və strukturu barədə məlumat verilib, Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya mühiti, Ulu Öndər Heydər Əliyevin rolu və ölkə rəhbərliyinin dini icmalara göstərdiyi diqqət barədə danışılıb. Dr. Kuria Azərbaycanın təcrübəsindən təşkilatın faydalanacağını vurğulayıb.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və ölkəmizin BMT yanındakı Daimi Nümayəndəsi Tofiq Musayev iştirak edib.

