Xaricdəki təhsil sistemi praktik yönümlü və müasir texnologiyalara əsaslanır, Azərbaycanda isə daha çox nəzəri biliklər üstünlük təşkil edir. Bu fərq tələbələrin düşünmə və problem həll etmə bacarıqlarına da birbaşa təsir göstərir.
Bəs görəsən Xaricdəki təhsillə Azərbaycandakı təhsilin nə fərqi var?
“Tehsil365“ xəbər verir ki,bu suala ən düzgün cavabı elə orda təhsil alan verə bilər:
Müsahibimiz deyir ki:”Mən Çexiyanın Cvutpraha universitetində Biomedikal Mühəndislik ixtisası üzrə təhsil alıram. Niyə məhz Çexiyanı seçdim? Çünki bu ölkənin universitetləri Avropada yüksək texniki bazaya və güclü mühəndislik ənənəsinə malikdir. Burada təhsil, Azərbaycandakı təhsil modeli ilə müqayisədə bir neçə əsas cəhətdən fərqlənir və məhz bu fərqlər məni cəlb etdi.”
Səlma bildirib ki,əsas fərq praktikaya verilən önəmdədir. Çexiyada biz nəzəri bilikləri sadəcə öyrənmir, dərhal müasir laboratoriyalarda tətbiq edirik. Təhsilin ilk illərindən etibarən tibbi cihazların prototiplərinin hazırlanması, 3D çap texnologiyalarından istifadə və real biomateriallarla iş kimi layihələrə cəlb olunuruq.
O bildirib ki: “Azərbaycanda isə mühəndislik təhsilində praktiki komponent daha çox son kurslara və ya xüsusi təcrübə yerlərinə saxlanılır. Buradakı erkən praktiki yanaşma isə bizə müstəqil kritik düşüncə və problem həll etmə bacarığını sürətlə qazandırır. İkinci mühüm fərq isə universitetlərin sənaye və xəstəxanalarla sıx əməkdaşlığıdır. Bu əməkdaşlıq sayəsində asanlıqla təcrübə proqramlarına qoşulur və iş bazarının tələblərini bilavasitə öyrənirik ki, bu da məzun olduqdan sonra işə qəbulu xeyli asanlaşdırır.”