“Təhsildə uğur qazanmaq yalnız yüksək qiymətlər almaq deyil, həm də özünü kəşf etmək, öyrənməyə həvəs göstərmək və davamlı inkişaf etmək deməkdir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq, Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı Mirsadiq Muxtarov deyib.
“Gənclərə ilk növbədə öz güclü tərəflərini və maraqlarını kəşf etməyin önəmini qeyd etmək istəyirəm, çünki aydın məsələdir ki, insan maraq duyduğu sahədə daha rahat inkişaf edə bilir. Başqa cür izah etsək, öyrənmə psixologiyasında daxili və xarici motivasiya amilləri qeyd edilir. Belə ki, daxili motivasiyadan qaynaqlanan öyrənmə, insanın maraq və həvəsindən doğur, onun öyrənmə prosesinə daha aktiv və yaradıcı şəkildə qoşulmasına şərait yaradır. Bu zaman gənc yalnız xarici tələblərə görə deyil, öz istəyinə uyğun olaraq bilik əldə edir və bu da öyrənməni daha dərin və davamlı edir. Xarici motivasiya isə əsasən kənardan gözlənən mükafatlar, qiymətlər və ya valideynlərin gözləntiləri ilə bağlıdır. Xarici motivasiyaya əsaslanan öyrənmə uzunmüddətli olmur və bu, təhsil alan şəxsdə tükənmə hissi yaradaraq, bəzən oxumağa qarşı marağın azalmasına səbəb ola bilir. Gənclər bilməlidirlər ki, təhsil yalnız məktəbi bitirmək üçün yox, özlərinə daha geniş imkanlar yaratmaq və inkişaf üçün bir vasitədir.”
“Digər bir amil olan, gün ərzində zamanı düzgün idarə etmək də çox önəmlidir. Gənclər öz vaxtlarını yaxşı planlamalı, həm öyrənməyə, həm də istirahətə kifayət qədər vaxt ayırmalıdırlar. Perfeksionizmə, yəni mükəmməlçiliyə qapılmamaq önəmlidir, nəzərə almaq lazımdır ki, hər şeyi mükəmməl edərək tamamlamaq mümkün deyil. Bundan əlavə, səhvlərdən öyrənmək insanı daha güclü edir, çünki səhvlər təcrübə qazandırır və gələcəkdə eyni yanlışları təkrarlamamağa kömək edir. Gənclər üçün hər səhv özünü inkişaf etdirmək üçün fürsət kimi qiymətləndirilməlidir.”
“Psixoloji sağlamlıq təhsildə uğurun ən əsas şərtlərindəndir və onu diqqətdən kənar saxlamaq mümkün deyil. Təhsil prosesi gənclər üçün həm biliklərin əldə edilməsi, həm də emosional və sosial bacarıqların inkişafı baxımından çətin və mürəkkəb bir dövrdür. Bu zaman stress, narahatlıq, təzyiq və hətta qorxu ortaya çıxa bilər ki, bunlar təhsilin keyfiyyətinə və təhsil alan gəncin ümumi psixi sağlamlığına ciddi təsir göstərə bilər. Stress və davamlı yorğunluq, xüsusilə uzun müddətli olduqda, öyrənmə prosesini əngəlləyir, diqqəti yayındırır, yaddaşın fəaliyyətini zəiflədir və hətta motivasiyanın itirilməsinə səbəb ola bilər. Belə vəziyyətlərdə gənc özünü tükənmiş, ümidsiz və çaşqın hiss edə bilər ki, bu da oxumağa, dərslərə marağın azalmasına, hətta təhsil prosesini dayandırmaq kimi qərarlara gətirib çıxara bilər.”
“Psixoloq olaraq vurğulamaq istəyirəm ki, özümüzdə narahatlıq, stress hiss etdiyimiz zaman bunu inkar etmək yox, bunu qəbul etmək lazımdır. Mental sağlamlıq da fiziki sağlamlıq kimi özünə diqqət tələb edir. Bu səbəbdən, psixoloji dəstək almaq, bu sahədəki mütəxəssislərlə konsultasiyalar etmək və ya etibarlı bir insana, məsələn, dost, ailə üzvü və ya müəllimə öz düşüncə və hissələrimizi açıq şəkildə ifadə etmək son dərəcə faydalıdır.”
“Eyni zamanda, sosial dəstəyin mövcudluğu da təhsil alan gənclər üçün psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır. İnsan sosial varlıqdır və çətinliklər qarşısında tək qalmaq əvəzinə, başqaları ilə ünsiyyətdə olmaq, fikirlərini paylaşmaq və dəstək almaq onun emosional vəziyyətini gücləndirə bilir. Gənclər bilməlidirlər ki, kömək istəmək zəiflik deyil, əksinə, daha uyğun və ağıllı addımdır. Qeyd edilənləri ümumiləşdirsək deyə bilərik ki, psixoloji sağlamlığın qorunması təhsildə uğurun uzunmüddətli davam etməsi üçün vacibdir.”
“Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə texnologiya istifadəsinin sağlam balansını qorumaq olduqca vacibdir. Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda çox vaxt keçirmək gənclərdə diqqətin dağılmasına səbəb ola və öyrənmə prosesini çətinləşdirə bilər. Buna görə də, telefon və digər rəqəmsal cihazlardan istifadəni məhdudlaşdırmaq, başqa sözlə onları kontrollu şəkildə istifadə etmək vacibdir.”
“Ümumilikdə, uğurlu təhsil yalnız bilik toplamaqla deyil, həm də bu təhsildən faydalanmaq, daxili motivasiyanı saxlamaq və psixoloji sağlamlığı qorumaqla mümkündür. Mənim gənclərə ən böyük arzum budur ki, onlar təhsili yalnız bir vəzifə kimi yox, həyat boyu davam edən maraqlı və faydalı bir proses kimi qəbul etsinlər, hər zaman öyrənməkdən zövq alsınlar və biliklə yanaşı, şəxsiyyət olaraq da inkişaf etsinlər. Beləcə, onlar qarşılarında duran məqsədlərə daha inamla, sağlam və güclü şəkildə irəliləyə biləcəklər.”