Bu gün ümumtəhsil məktəblərində valideynlərin dərs prosesinə müdaxiləsi və uşaqlara göstərdiyi təzyiq mövzusu geniş müzakirə olunur. Mütəxəssislər hesab edir ki, müasir dövrün şagirdləri artıq valideyn dəstəyinə əvvəlki qədər ehtiyac duymur.
Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. O qeyd edib ki, ümumtəhsil məktəblərində həmişə belə olub ki, aşağı siniflərdə valideynlər şagirdin yanında olur və ona dərslərində kömək edir. Lakin bugünkü dövrdə vəziyyət dəyişib — müasir şagirdlər artıq valideyn köməyinə çox da ehtiyac duymur, çünki bəzi valideynlər özləri də yeni dərsliklərdən baş çıxara bilmirlər.
Bu səbəbdən, bu gün valideynlər arasında “dərsliklər ağır və çətindir” kimi narazılıqlar eşidilir. Artıq 20–30 il əvvəlki kimi şagirdlər yetişmir; bu günün şagirdləri daha geniş dünyagörüşünə və fərqli baxış bucağına malikdirlər.
O bildirib ki, ona görə də valideynlərin uşaqlara təzyiq göstərməsi doğru sayılmır. Bu cür təzyiq yalnız ibtidai sinif şagirdlərinə müəyyən qədər təsir göstərə bilər, çünki valideynlər uşaqlarının erkən yaşda özbaşına qalmasını istəmirlər. Lakin yuxarı siniflərdə bu müdaxilə şagirdin psixologiyasına mənfi təsir göstərə bilər.
Beləliklə, valideynlərin əsas rolu dərs prosesinə deyil, uşağın tərbiyəsinə və mənəvi inkişafına diqqət yetirmək olmalıdır.