Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində "27 sentyabr-Anım Günü" nə həsr edilmiş "Ana sənə sözüm var" adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Şəhid ailələrinin üzvləri, Şəhid övladları, Vətən Müharibəsi qaziləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, "Şəhidləri Yaşadaq" layihəsinin üzvləri, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən Müharibəsi şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən məktəbin tarix müəllimi-"Şəhidləri Yaşadaq"layihəsinin rəhbəri Aynur Mirzəxanova Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin həyat yollarından, göstərdikləri şücaətlərdən, onların ailələri ilə olan səmimi söhbətlərindən bəhs edib.
Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva şəhidlərin vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək göstərdikləri qəhrəmanlıqlardan bəhs edərək onların əziz xatirəsinin daim uca tutulduğunu bildirib.
Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

