Oktyabrın 16-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada "Tariximizi unutmayaq” adlı vətənpərvərlik tədbiri keçirilib və film nümayiş etdirilib.
"Təhsil365” xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, gimnaziyanın müəllimləri, Birinci Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçıları, yeniyetmə və gənclər iştirak edib.
Görüşdə çıxış edənlər Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhid və qazilərimizin göstərdiyi igidlik nümunələrindən danışıblar. Bildirilib ki, bu Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyinin nəticəsidir.
Çıxışlarda həmçinin gənclərin milli ruhda tərbiyə olunmasının, tariximizin unudulmamasının və şəhidlərin xatirəsinə daim hörmətlə yanaşmağın vacibliyi vurğulanıb.
Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş film nümayiş etdirilib.

