Tələbələrin və məzunların əksəriyyəti ali təhsilə sahib olduqları halda əmək bazarında iş tapmaqda çətinlik çəkir. Bu problemin arxasında struktur, pedaqoji, iqtisadi və sosial səbəblər dayanır.
“Diplom var, amma iş yoxdur” problemi necə aradan qaldırıla bilər?
“Tehsil365” xəbər verir ki,təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumiyyətlə gənclərimizin yeni məzun olduğu təqdirdə iş tapmaları, əmək bazarına qoşulmaları çox-çox çətin olur:
"Çətinliyin əsas səbəblərindən biri ali təhsil müəssisələrində ixtisas üzrə praktiki biliklərin kifayət qədər mənimsədilməməsidir.
Əgər hər hansı bir universitet tələbələrə nəzəri biliklərlə yanaşı praktiki bacarıqları da yetərincə öyrədə bilsə, gənclər universiteti bitirdikdən sonra əmək bazarına rahat inteqrasiya ola bilərlər. Məsələn, işəgötürən hər hansı sahə üzrə vakansiya elan edir və müraciət edənlər arasında universitet məzunları da olur.
Lakin müsahibə zamanı tez-tez görürük ki, ixtisasını bitirmiş gənc həmin sahədə kifayət qədər bilik və praktiki bacarıqlara malik deyil. Əlbəttə, bunu bütün universitetlərə şamil etmək olmaz, çünki bəzi ali təhsil müəssisələrində praktiki biliklər yüksək səviyyədə öyrədilir. Lakin çox universitetdə vəziyyət ürəkaçan deyil.
Xüsusilə pedaqoji ixtisası bitirən gənclər MİQ imtahanında rahat iştirak edə bilmir və ya nəticə göstərə bilmir. Niyə? Axı onlar ali məktəbi bitiriblər. Bu bilik və bacarıqlar ali təhsil müəssisəsində öyrədilməli, praktik məşğələlər vasitəsilə mənimsədilməlidir.
Hesab edirəm ki, ali təhsil müəssisələrimizdə praktiki biliklərə daha çox üstünlük verilməlidir".