İmişli rayonunda “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda toplantı keçirilib.
“Tehsil365” xəbər verir ki, İmişli rayon Heydər Əliyev Mərkəzində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun, İmişli rayon Heydər Əliyev Mərkəzinin və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin birgə təşkilatçılığı ilə “18 oktyabr-Müstəqilliyin Bərpası Günü” münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda toplantı keçirilib.
Toplantıda çıxış edənlər: Ramin Fərəcov-İmişli rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi, Səbinə Abdullayeva-İmişli rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi, Arifə Qarayeva-Heydər Əliyev Mərkəzinin əməkdaşı, Vüsalə Hüseynli-İmişli rayon Mərkəzi Kitabxana Sisteminin kitabxanaçısı və Bəhrəm Abbaslı-DQİDK-nin Mil-Muğan regional bölməsinin məsləhətçisi qeyd etdilər ki, “Müstəqilliyin Bərpası Günü” və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 15 oktyabr 2021-ci ildən etibarən yeni adıyla "18 oktyabr-Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa etmişdir.1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün ərzində müzakirələr aparmışdır. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmişdir. Qeyd olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli Ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

