Oktyabrın 17-də Qazax Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət Müstəqilliyinin Bərpası Günü” ilə əlaqədar "Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda tədbir keçirilib.
“Təhsil365” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov, Əməkdar müəllim, BDU Qazax filialının tarix müəllimi İndira Vəliyeva, idarənin sektor müdiri Vəfa Cəbiyeva və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin TGT sədri Turxan Əliyev çıxış edərək qeyd ediblər ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Heydər Əliyevin müdrik siyasəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Konstitusiya, “Əsrin müqaviləsi”, uğurlu xarici siyasət kursu dövlət müstəqilliyimizin möhkəm təməlini formalaşdırıb və onun müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

