Son illərdə təhsil sistemində akademik biliklərlə yanaşı, şagirdlərin psixoloji vəziyyətinə də xüsusi diqqət ayrılmağa başlanıb.
Təhsil eksperti Sevinc Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, psixoloji xidmətin inkişafı təhsilin keyfiyyətinə təsir edən əsas amillərdəndir:
“Uşaqların dərsə marağının azalması, intizam problemləri və stres halları çox vaxt psixoloji dəstəyin zəifliyindən qaynaqlanır. Hər məktəbdə peşəkar psixoloq fəaliyyət göstərməli, müəllimlərlə birgə uşaqların emosional vəziyyətini izləməlidir.”
Ekspert əlavə edib ki, xüsusilə imtahan dövrlərində psixoloji təzyiq artır və bu zaman şagirdlərə fərdi yanaşma vacib olur:
“Düzgün psixoloji dəstək uşağın yalnız nəticəsinə deyil, həm də özünə inamına təsir edir. Təhsil təkcə bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaq prosesidir.”
Sevinc Əliyevanın fikrincə, gələcəkdə bu istiqamətdə kadr hazırlığı genişləndirilməli və psixoloqların fəaliyyəti üçün resurs bazası gücləndirilməlidir.

