Təhsil sisteminin ən vacib dayağı müəllimlərdir. Onların bilik və bacarıqları birbaşa olaraq gələcək nəslin formalaşmasına təsir edir.
Bu barədə təhsil eksperti Kamal Rzayev öz fikirlərini “Tehsil365” ilə bölüşüb.
“Təhsil islahatlarının uğuru birbaşa müəllimin hazırlıq səviyyəsindən asılıdır. Müəllimlər yeni texnologiyalarla işləməyi, interaktiv dərs metodlarını və fərqli təlim modellərini mənimsəməlidirlər. Əks halda, tədrisdə keyfiyyət artımı mümkün olmayacaq.”
Ekspert bildirib ki, bu məqsədlə davamlı təlim və sertifikasiya proqramları genişləndirilməlidir:
“Müəllim bir dəfə ali məktəbi bitirməklə öyrənməni dayandıra bilməz. O, hər il yeni təlimlərdə iştirak etməli, həm psixoloji, həm də pedaqoji biliklərini təkmilləşdirməlidir.”
Kamal Rzayev hesab edir ki, müəllimlər üçün yaradılan stimullaşdırıcı mexanizmlər – əməkhaqqı artımı, beynəlxalq təcrübə proqramları və tədris resurslarına çıxış imkanları – motivasiyanın yüksəlməsində mühüm rol oynayacaq.