Azərbaycan təhsil sistemində son illər irəliləyişlər müşahidə olunsa da, şəhər və region məktəbləri arasında fərqlər hələ də qalmaqdadır. Bu isə təhsildə bərabər imkanların yaradılması məsələsini gündəmdə saxlayır.
Təhsil eksperti Elnur Qasımov “Tehsil365”ə açıqlamasında bildirib ki, kənd məktəblərinin inkişafı ümumi təhsil keyfiyyətinin artırılması üçün vacibdir:
“Regionlarda çoxlu sayda istedadlı uşaqlar var, lakin onlar bəzən lazımi resurslara malik olmadıqları üçün potensiallarını tam ortaya qoya bilmirlər. Məktəblərin maddi-texniki bazası, laboratoriyalar, kitabxanalar və internetə çıxış imkanları gücləndirilməlidir.”
Ekspertin fikrincə, bu sahədə dövlətin gördüyü işlərə baxmayaraq, resursların bölgüsü bərabər aparılmalıdır:
“Əgər biz həqiqətən ədalətli təhsil sistemi qurmaq istəyiriksə, region məktəblərində çalışan müəllimlər üçün xüsusi sosial paketlər və əlavə təlim proqramları təşkil edilməlidir.”
Elnur Qasımov əlavə edib ki, təhsil bərabərliyi təkcə sosial məsələ deyil, həm də milli inkişafın əsas komponentidir:
“Təhsildə ədalət o zaman təmin olunur ki, uşağın yaşadığı yer onun gələcəyini müəyyənləşdirməsin.”

