“Tehsil365” EDUNEWS’a istinadən xəbər verir ki, bu yaxınlarda Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” adlı monoqrafiyası nəşr olunub. Müəllifin sosiolinqvistika sahəsində apardığı son elmi tədqiqatların mühüm yekunu olan bu əsər dilçiliyin yeni tədqiqat sahələrindən biri olan dilplanlaşdırma məsələlərinə həsr edilmişdir. Sözügedən monoqrafiyada, ilk növbədə, son otuz ildə müstəqillik qazanmış türk dövlətlərində aparılan dil siyasəti məsələsi geniş təhlil edilir, bu istiqamətdə irəli çıxan əsas problemlər müəyyən edilərək onların həlli yolları təklif olunur.
Tədqiqat əsərində elmi araşdırmanın spesifikasına uyğun olaraq dil siyasəti həm diaxron, həm də sinxron şəkildə nəzərdən keçirilir, Orxon-Yenisey abidələri dövründən üzü bəri Türk dünyasında bu sahədə həyata keçirilən siyasət təhlil, əldə olunan mühüm nailiyyətlər və yol verilən səhvlər müəyyən edilir.
Monoqrafiyada müasir müstəqil türk dövlətlərində yürüdülən dil siyasətinin ümumi fonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin hər iki dönəmində ana dilinin saflığının qorunması, inkişafı istiqamətində həyata keçirilən bir sıra mühüm əməli tədbirlər diqqət mərkəzinə gətirilir. Qeyd olunur ki, Ümummilli Liderin siyasi iradəsi sayəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının salınması mümkün olub, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dili kimi məhz Azərbaycan dili qeyd olunub, 18 iyun 2001-ci il tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” ilə bağlı Fərmanın imzalanması ilə latın qrafikasına keçid problemi birdəfəlik öz həllini tapıb. Bu və bu kimi digər mühüm qərarlar Ümummilli Lideri uzaqgörən siyasi xadim kimi xarakterizə etməklə yanaşı, yuxarıda sadalananların dilçilər tərəfindən müasir türk dövlətlərində həyata keçirilən ən uğurlu ardıcıl dil siyasəti nümunəsi olaraq qiymətləndirilməsinə səbəb olub.
Kitabda həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin başladığı dil siyasətini layiqincə davam etdirdiyi vurğulanır, onun yürütdüyü dil siyasətinin türk dövlətlərinin daha sıx inteqrasiyasına geniş imkan yaratdığı bildirilir.
Müəllif son dövrlərdə türk dövlətlərinin birliyində önəmli hadisə olan vahid əlifba məsələsinə də toxunur, bunun türk dillərinin bir-birinə inteqrasiyası üçün əhəmiyyətli addım olduğunu göstərir. Alim vahid türk əlifbasının müstəqilliyi olmayan türk xalqlarının ana dilinin bilinqvizm şəraitində dominant dilin siyasi gücü qarşısında məğlub olmasına mane olan mühüm addım kimi dəyərləndirir və milli dillərin yaşaması üçün avtonom dil statusu qazanmasının vacibliyini gündəmə gətirir.
Kitaba görkəmli türkoloq, Azad Berlin Universitetinin professoru Barbara Kellner-Heinkele “Ön söz” yazıb. Vaxtı ilə Yakob M.Landau ilə birgə keçmiş sovet respublikalarında dil siyasəti mövzusunda iki mühüm kitabın müəllifi olmuş bu alim haqqında danışdığımız monoqrafiyanı yüksək qiymətləndirir, əsərin strukturunda möhkəm məntiq dayandığını bildirir, keçmişdə və bu gün türk dillərində danışan toplumlarda dil siyasətinin xronoloji metodla geosiyasi aspektdə araşdırıldığını nəzərə çatdırır və belə bir səmimi etiraf edir: “Elçin İbrahimovun tədqiqat əsərinin əhatə dairəsi bizim kitablarımızdan xeyli genişdir”.
Monoqrafiyanın mündəricatını nəzərdən keçirdikdə görürük ki, giriş, dörd fəsil, nəticə və kitabiyyatdan ibarətdir.
Tədqiqat işinin “Dil siyasəti və onun formalaşma yolları” adlı ilk fəslində əvvəlcə oxucuların böyük əksəriyyətinə o qədər də tanış olmayan “dil siyasəti” və “dilplanlaşdırma” anlayışları haqqında məlumat verilir, daha sonra bu siyasi fəaliyyəti şərtləndirən əsas faktorlar nəzərə çatdırılır. Xüsusilə də “dil-kimlik” məsələsinə diqqət yetirilir. Dilplanlaşdırmanın məqsədlərindən, mərhələ və istiqamətlərindən danışan müəllif dil siyasətinin növlərini sadalayır, dil davranışları və dil hüquqları barədə oxucuda geniş təsəvvür yaradır. Əsərdə dil situasiyası, siyasi hakimiyyət və rəsmi ideologiya, etnik vəziyyət, mədəni ortam və maddi durum dil siyasətini formalaşdıran əsas faktorlar kimi öyrənilir.
E.İbrahimov haqlı olaraq bildirir ki, dil və cəmiyyət əlaqələrinin əsasında dil birliyi dayanır, yəni konkret cəmiyyətdə hamının eyni dildə danışması, həmin dilin hər kəs tərəfindən aydın anlaşılması, cəmiyyət üzvlərinin bütün sferalarda yazışmaların məhz bu dildə aparması hər hansı bir dili konkret cəmiyyətin əsas ünsiyyət vasitəsinə çevirir. Hansısa bir tarixi səbəblərdən xalqın parçalanması, fərqli siyasi subyektlərin tərkibinə daxil olub ayrılması, imperiyaların təsiri altına düşməsi kimi siyasi hadisələr isə dilə təsirsiz ötüşmür, onun təbii inkişafının qarşısını alır.
Bu fəsildə çoxlarının qarışdırdığı yerli dil, regional dil, linqva franka (ortaq dil), dünya dili, ana dili, milli dil, rəsmi dil, ikinci dil kimi anlayışlar arasındakı fərqlər, “millətdən dövlətə” və “dövlətdən millətə” iki fərqli dil siyasəti modeli nümunələr gətirilməklə elmi şəkildə izah edilir.
“Türk dövlətlərində və türk toplumlarında dil siyasəti (tarixi aspekt)” adlı ikinci fəsildə 1300 illik yazı təcrübəsinə malik türk dilinin ünsiyyət vasitəsi kimi istifadə olunduğu türk dövlət və cəmiyyətlərində dil siyasəti - Osmanlı imperiyasında, Səfəvilər dövlətində türk dilinin inkişafı və dövlət dili kimi möhkəmlənməsi sahəsində görülən mühüm işlər, Çar Rusiyasının türk xalqlarının dili ilə bağlı həyata keçirdiyi siyasət, Azərbaycan Xalq Cümhuriyyətində, Sovet İttifaqının tərkibində olan türk respublikalarında, İran və Çində türk dillləri ilə bağlı siyasət araşdırma obyektidir.
Bu fəsildə “lisani-türki”nin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət dili kimi qəbul edilməsi (1919), dövlətin türk dilinin bütün sahələrdə tətbiqini dəstəkləməsi və ərəb qrafikalı əlifbadan latın qrafikasına keçidin türk toplumlarında ilk dəfə ali səviyyədə qızğın müzakirə olunması cəmi iyirmi üç ay yaşamış müstəqil dövlətin ölkəmizdə gələcək dil siyasətinə təsir göstərən mühüm siyasi addımları kimi dəyərləndirilir.
“Müstəqil türk respublikalarında dil siyasəti (müasir dövr)” adlı fəsildə Türkiyə Cümhuriyyəti, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan respublikalarında türk dillərinin dövlət dili kimi möhkəmlənməsi və inkişafı istiqamətində atılan addımlar nəzərdən keçirilir və bu ölkələrdə ana dilinin tətbiqi ilə bağlı qəbul olunan mühüm qərarlar, həyata keçirilən dövlət proqramları dil siyasəti nöqteyi-nəzərindən təhlil edilir.
Bu fəsildə ayrı-ayrı müstəqil türk dövlətlərində həyata keçirilən dil siyasəti dövlət səviyyəsində qəbul edilmiş mühüm qərarlar əsasında müqayisəli şəkildə nəzərdən keçirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” və 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlarının ölkəmizdə son iyirmi ildə ana dilinə dövlət qayğısının bariz göstəriciləri olduğu vurğulanır.
Bu fəsildə müasir türk dövlətləri arasında ortaq ünsiyyət dili məsələsinə də toxunulur, qəbul olunmuş vahid türk əlifbasının türk xalqları arasında ortaq yazı dilinin möhkəm özülü və ortaq türk ədəbi dili üçün ilk mühüm addım olduğu qənaətinə gəlinir.
“Müasir türk toplumlarında dil siyasəti” adlı fəsildə isə Rusiya Federasiyasında, Çin Xalq Respublikasında, İran İslam Respublikasında, Moldova, Bolqarıstan, Gürcüstan respublikalarında yaşayan türk xalqlarının dilləri ilə bağlı həyata keçirilən siyasət tədqiqat obyektinə çevrilir. Alim həyəcan təbili çalaraq karaim, çulım, tofa dilləri kimi bir çox türk dillərinin də yaxın gələcəkdə yox olma təhlükəsi ilə üz-üzə qaldığını bildirir.
Bu fəsildə araşdırmanın mərkəzində duran mühüm elmi məsələlərdən biri də türkdilli əhalinin kompakt yaşadığı və milli azlıq kimi qiymətləndirildiyi dövlətlərdə türk dillərinə qarşı aparılan dil siyasətidir. Bu baxımdan hazırda Rusiya, Çin, İran, Moldova, Bolqarıstan və Gürcüstanda yaşayan türk xalqlarının ana dillərinin müasir vəziyyəti haqqında məlumat verilməklə yanaşı, onların mühafizəsi və inkişaf etdirilməsi sahəsində tövsiyələr də verilir.
Monoqrafiyaya təhlükədə olan türk dillərinin vəziyyətini əks etdirən cədvəl də əlavə edilmişdir ki, burada həmin dillər dil daşıyıcılarının sayı, dildən istifadə vəziyyəti, dilin statusu, təhsil dili, yazı dili olması nəzərə alınmaqla həmin dilin təhlükə dərəcəsi müəyyən edilir.
Nəzərə alsaq ki, Türk dünyasına inteqrasiya Azərbaycan Respublikasının müasir xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir, ölkə rəhbərliyi də türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsini və mənəvi ortaq dəyərlər vasitəsilə bu inteqrasiyanı təmin etməyi strateji hədəf kimi müəyyənləşdirir o zaman bu elmi tədqiqat işinin aktuallığını daha aydın təsəvvür etmək olar.
İlk Türkoloji Qurultayın (26 fevral-6 mart 1926-cı il) 100 illik yubileyinə hazırlıq işlərinin aparıldığı ərəfədə çap olunan bu monoqrafiya həmin mühüm elmi hadisədən ötən müddət ərzində türk dillərinin qorunması, inkişafı və bir-birinə inteqrasiyası istiqamətində atılan mühüm addımların bir hesabatı olub, bu sahədə gələcək fəaliyyət üçün bir yol xəritəsi cızır: belə demək mümkünsə, keçiriləcək yeni qurultayda qaldırılacaq mühüm problemlər barədə proqnoz verir.
Beləliklə, Qarabağ Universitetinin Elmi Şurasının qərarı ilə çap olunan “Müstəqil türk dövlətlərində dil siyasəti” monoqrafiyası sözügedən ali təhsil müəssisəsinin mühüm elmi nəticələrindən biri kimi qiymətlənidirilə bilər.