Türkiyədə arxeoloqlar indiyə qədər tapılan ən qədim insan məskənlərindən birini aşkar ediblər.
“Tehsil365” xəbər verir ki, bu barədə "Arkeonews" məlumat yayıb.
Şanlıurfa vilayətindəki Karahantepe qədim yaşayış yerində aparılan qazıntılar zamanı alimlər 11 min il əvvələ aid 30-dan artıq yeraltı ev aşkarlayıblar.
Birbaşa sərt qayada oyulmuş və bir-biri ilə əlaqəli bu yeraltı evlər silsiləsində hər bir otaq 3-6 metr diametrə malik strukturlardan ibarətdir və arı pətəyi formasını xatırladır.
Evlərin daxilində ocaq yerləri, anbar bölmələri və daş döşəmələr aşkarlanıb.
Hazırda divarların və daşların zədələnmiş hissələrinin bərpası üçün konservasiya işləri aparılır.

