Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə zona mərhələsi keçirilib.
“Tehsil365” xəbər verir ki, Çempionat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Yarışın keçirilməsində məqsəd məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.
Azərbaycan Atletika Federasiyasının təyin etdiyi hakimlərin idarə etdiyi yarışlarda məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, tennis topu atma və 4x50 metrlik estafet qaçışı üzrə mübarizə aparıblar.
Zona mərhələsinin nəticələrinə əsasən I yerə Şamaxı, II yerə Ağsu, III yerə İsmayıllı, IV yerə isə Qobustan komandası layiq görülüb.
I yerə layiq görülən Şamaxı şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası yarışın final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
I, II və III yerlərə layiq görülən komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunmuşlar.
Qalib komandamızın üzvlərini təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.

